Reklam
Reklam
Reklam

Azərbaycanda Braziliya Ciu-Citsu üzrə açıq turnir keçirilib

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə qurumun klubları və filialları arasında açıq turnir təşkil olunub. Yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən uşaq, yeniyetmə, gənc və yetkin idmançılar iştirak ediblər.

PostNews xəbər verir ki, turnir Braziliya Ciu-Citsu döyüş sənətinin GI versiyası üzrə müxtəlif yaş və çəki dərəcələrində keçirilib.

Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyüş sənətinin banisi və İctimai Birliyin sədri Taleh Həsənov iştirakçıları salamlayıb, onlara mübarizədə uğurlar və qələbə sevinci arzulayıb.

BJJ Azərbaycanın prezidenti Aqil Acalov da idmançılara uğurlar diləyib. O, yarışda fərqlənən idmançıların qarşıdakı beynəlxalq turnirdə iştirak edəcəyini qeyd edərək onlara indidən qələbə arzulayıb.

Aqil Acalov bildirib ki, idman yalnız güc və sürətdən ibarət deyil, həm də yüksək nizam-intizamın, iradənin və xarakterin nümayişidir.

İctimai Birliyin sədr müavini Anar Səfərov da iştirakçılara müraciət edərək hər bir idmançının öz potensialını tam nümayiş etdirməsini və parlaq qələbələr qazanmasını arzulayıb.

Açılış mərasimindən sonra yarışlara start verilib.

Turnirdə Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən klubların və filialların idmançıları mübarizə aparıblar. Yarışlar uşaq, yeniyetmə, gənc və böyüklər arasında müxtəlif yaş və çəki kateqoriyaları üzrə təşkil olunub.

Paylaş: