ipoteka

İpoteka almaq istəyənlər üçün şərtlər – Məbləğ, faiz, müddət və ilkin ödəniş

Mətn Ölçüsü

PostNews – Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən adi ipoteka kreditinin maksimum məbləği 150 min manat, güzəştli ipoteka kreditinin maksimum məbləği isə 100 min manat təşkil edir.

Adi ipoteka krediti maksimum 25 il, güzəştli ipoteka krediti isə 30 il müddətinə verilə bilər. Kreditlər üzrə minimum ilkin ödəniş müvafiq olaraq mənzilin dəyərinin 15%-i və 10%-i səviyyəsində müəyyən edilib.

İpoteka kreditlərinin faiz dərəcələri

Zəmanət verilməmiş kreditlər üzrə maksimum illik faiz dərəcəsi adi ipotekada 8%, güzəştli ipotekada isə 4% təşkil edir.

Zəmanət verilmiş ipoteka kreditlərində maksimum illik faiz dərəcəsi adi ipoteka üzrə 7%, güzəştli ipoteka üzrə isə 3,7% müəyyən edilib.

Beləliklə, kreditin növündən və zəmanətin olub-olmamasından asılı olaraq ipoteka üzrə maksimum illik faiz dərəcəsi 3,7%-dən 8%-dək dəyişir.

İpoteka üçün minimum əməkhaqqı tələbi yoxdur

İpoteka krediti üçün minimum əməkhaqqı tələbi müəyyən edilməyib. Bununla belə, kredit verilərkən yalnız rəsmi sənədlərlə təsdiqlənən gəlirlər nəzərə alınır.

Kreditin son ödəniş tarixində borcalanın və ya birgə borcalanın yaşı qanunvericiliklə müəyyən edilmiş pensiya yaşını keçməməlidir.

Zəmanətli ipoteka zamanı kredit üzrə aylıq ödəniş borcalanın aylıq məcmu gəlirinin 70%-dən çox ola bilməz.

Gəlirlər ipoteka krediti üçün müraciətdən əvvəlki ardıcıl 12 aylıq dövrü əhatə etməlidir.

İpoteka hansı mənzillər üçün verilə bilər?

İpoteka krediti Azərbaycanın bütün ərazisində yerləşən uyğun yaşayış sahələrinin alınmasına şamil olunur.

Mülkiyyətində artıq yaşayış sahəsi olan şəxslər də ipoteka krediti ala bilərlər. Kreditin verilməsi üçün şəxsin mütləq şəkildə ilk dəfə mənzil alması tələbi yoxdur.

İpoteka krediti torpaq sahəsinin alınması və ya ev tikintisi üçün verilmir.

İpoteka zamanı əlavə xərclər də nəzərə alınmalıdır

İpoteka rəsmiləşdirilərkən ilkin ödənişlə yanaşı, kreditlə bağlı digər xərclər də nəzərə alınmalıdır.

Bura bank komissiyaları, əmlakın qiymətləndirilməsi və sığorta haqları, dövlət rüsumları və notarial xərclər daxildir.

Güzəştli ipotekadan neçə dəfə istifadə etmək olar?

Güzəştli ipoteka kreditindən istifadə hüququ olan ailə və ya şəxs bu imkandan yalnız bir dəfə yararlana bilər.

Beləliklə, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına adi ipoteka üzrə 150 min manatadək 25 illik, güzəştli ipoteka üzrə isə 100 min manatadək 30 illik kredit əldə etmək mümkündür.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri