20 Yanvar faciəsi Azərbaycanı müstəqilliyə aparan yolda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. 1990-cı il Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə faciəli gün deyil, həm də istiqlal mübarizəsinin qələbəsi, Sovet İmperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı,öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
O gün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil oldu. Yanvar ayının 19-dan 20-nə keçən gecə Sovet ordusu xüsusi amansizlıqla Bakı şəhərinə hücum etdi. Əliyalın insanları uşaq, qoca, qadın demədən qarşısına çıxan hər kəsi xüsusi amansızlıqla qətlə yetirdi. Fövqəladə vəziyyət elan olunan rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirildi. Beləliklə Bakı şəhəri və rayonlarında ümumilikdə 147 nəfər öldürüldu, 744 nəfər yaralandı, 841 nəfər isə qanunsuz həbs olundu. Yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, milli azadlıq əzmini qıra bilmədi. Həmin gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar. Xalqın milli azadlığı müstəqilliyi və firavan həyatı üçün yol açdılar.
Bu yolu açanların sırasında 13 yaşlı Larisa və İlqar, 14 yaşlı Nəriman, 16 yaşlı Vera da var idi. Ulu Öndər Heydər Əliyevin də dediyi kimi: “20 Yanvar faciəsi mənim üçün xalqımızın ən ağır faciəsidir. Amma eyni zamanda 20 Yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsinə qalxmasının əyani nümayişidir”. Doğurdan da 20 Yanvar şəhidləri Azərbaycanın tarixinə parlaq səhifələr yazaraq xalqın milli azadlığı naminə öz canlarını qurban veriblər və öz qəhrəmanlıq səlnamələri ilə özlərindən sonrakı bütün nəsillərə örnək olublar. 20 Yanvar faciəsi şəhidləri illər keçməsinə baxmayaraq hər il dərin hörmət və ehtiramla yad olunur.
Öz canlari – qanları bahasına qəhrəmanlıq dastanı yazan igid oğul və qızlarımızın dəfn olunduğu Şəhidlər Xiyabanı hər il minlərlə insan tərəfində böyük ehtiramla ziyarət olunur.
Anar Güllərli
Neftçala rayon gənci
