2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 39,3 milyard manat, xərclərinin isə 42,4 milyard manat olacağı proqnozlaşdırılır. Büdcə gəlirlərinin 60,6 faizinin qeyri-neft-qaz sektorunun hesabına formalaşacağı gözlənilir. Gələn il sosial yönümlü xərclər 18,7 milyard manat, müdafiə və milli təhlükəsizlik xərcləri isə 8,8 milyard manat təşkil edəcək.
PostNews xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin dörd komitəsinin birgə iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, 2027-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) nominal həcminin 141 milyard manat olacağı proqnozlaşdırılır. Bu, 2026-cı illə müqayisədə real ifadədə 2,7 faiz artım deməkdir.
Qeyri-neft sektoru üzrə ÜDM-in 109,1 milyard manat təşkil edəcəyi və real ifadədə 4,4 faiz artacağı gözlənilir. 2023–2027-ci illəri əhatə edən beşillik dövrdə qeyri-neft ÜDM-in nominal həcminin 30,1 milyard manat və ya 38,1 faiz artacağı proqnozlaşdırılır.
Dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb
Sahil Babayev bildirib ki, 2027-ci il dövlət büdcəsinin gəlirləri 39,3 milyard manat olacaq. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 645 milyon manat çoxdur.
Gəlirlərin 23,8 milyard manatının qeyri-neft-qaz sektorunun, 15,5 milyard manatının isə neft-qaz sektorunun hesabına formalaşacağı gözlənilir. Beləliklə, qeyri-neft gəlirlərinin ümumi büdcə gəlirlərində payı 60,6 faizə çatacaq.
Nazir qeyd edib ki, qeyri-neft gəlirləri cari illə müqayisədə 1,6 milyard manat artacaq. Bu gəlirlərin qeyri-neft ÜDM-ə nisbətinin 21,8 faiz olacağı proqnozlaşdırılır.
2027-ci ildə dövlət büdcəsinin xərcləri 42,4 milyard manat nəzərdə tutulur. Bu, 2026-cı ilin proqnoz göstəricisindən 696,4 milyon manat çoxdur. Xərclərin 26,4 milyard manatının cari, 13,8 milyard manatının isə əsaslı xərclər olması planlaşdırılır.
İcmal büdcənin gəlirlərinin 47,6 milyard manat, xərclərinin isə 50,4 milyard manat təşkil edəcəyi gözlənilir. İcmal büdcə gəlirlərində qeyri-neft gəlirlərinin payının 64,5 faizə çatacağı proqnozlaşdırılır.
Sosial xərclər 18,7 milyard manat olacaq
2027-ci ildə sosial yönümlü xərclərin 18,7 milyard manat təşkil edəcəyi gözlənilir. Bu, dövlət büdcəsi xərclərinin 44,2 faizinə bərabərdir.
Maliyyə naziri bildirib ki, sosial xərclər 2026-cı illə müqayisədə 9,2 faiz və ya 1,6 milyard manat artacaq. Beşillik dövrdə isə bu istiqamət üzrə xərclərdə 30 faizlik artım qeydə alınacaq.
Sosial müdafiə və sosial təminat xərclərinin dövlət büdcəsində 4,9 milyard manat, icmal büdcədə isə 12,9 milyard manat olacağı proqnozlaşdırılır.
Təhsil və elmə 5,4 milyard manat ayrılacaq
2027-ci ildə təhsil və elm xərclərinin 5,4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 538 milyon manat və ya 11 faiz çoxdur.
Təhsil xərclərinin ÜDM-də payının 3,6 faiz, təhsil və elm xərclərinin birlikdə payının isə 3,8 faiz olacağı gözlənilir.
Səhiyyə xərcləri üzrə dövlət büdcəsindən 2,1 milyard manat ayrılması nəzərdə tutulur. Bu, 2025-ci ilin icra göstəricisindən 808 milyon manat və ya 63 faiz çoxdur.
Sahil Babayev bildirib ki, icbari tibbi sığorta hesabına ayrılan vəsaitlər də nəzərə alınmaqla, icmal səhiyyə xərcləri 2027-ci ildə 4 milyard manat proqnozlaşdırılır. Bu, 2025-ci illə müqayisədə 1 milyard manat və ya 36 faiz artım deməkdir.
Müdafiə və milli təhlükəsizliyə 8,8 milyard manat ayrılacaq
2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinin 8,8 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu məbləğ dövlət büdcəsi xərclərinin 20,8 faizinə bərabərdir.
Maliyyə naziri qeyd edib ki, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə müdafiə və milli təhlükəsizlik xərcləri 748 milyon manat artacaq.
2023–2027-ci illəri əhatə edən beşillik dövrdə isə bu istiqamət üzrə xərclərin 3 milyard manat və ya təxminən 50 faiz artacağı bildirilir.
Məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanlarının fəaliyyətinə 3,4 milyard manat vəsait yönəldilməsi nəzərdə tutulur.
Dövlət Neft Fondunun büdcəyə transfertləri azalacaq
Sahil Babayevin sözlərinə görə, Dövlət Neft Fondunun 2027-ci il üzrə gəlirlərinin 7,8 milyard dollar, xərclərinin isə 7,1 milyard dollar olacağı proqnozlaşdırılır. Hesablamalar neftin bir barelinin orta illik qiymətinin 65 dollar götürülməsi əsasında aparılıb.
Fondun büdcəsində gələn il ən azı 1,2 milyard manat profisit yaranacağı gözlənilir.
2027-ci ildə Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertinin 7 milyard dollar olması nəzərdə tutulur. Bu, cari ilin proqnozu ilə müqayisədə 550 milyon dollar azdır.
Nazir bildirib ki, ortamüddətli dövrün sonuna illik transfert məbləğinin 5,5 milyard dollara endirilməsi planlaşdırılır. Bu, 2026-cı il üçün nəzərdə tutulan 7,5 milyard dollarla müqayisədə 2 milyard dollar azdır.
Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dollara çatıb
Maliyyə naziri bildirib ki, Azərbaycanın strateji valyuta ehtiyatları oktyabrın 1-nə 89 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ölkənin xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir.
Dövlət borcunun ÜDM-ə nisbətinin 2026-cı ilin sonuna 19,5 faiz, 2030-cu ilin sonuna isə 20,4 faiz olacağı proqnozlaşdırılır.
Dövlət borcunun strukturunda 16,2 milyard manat daxili, 7,7 milyard manat isə xarici borcun payına düşür. Beləliklə, ümumi dövlət borcunun təxminən 68 faizi daxili borcdan ibarətdir.
Nazir daxili borcun üstünlük təşkil etməsinin dövlət borcunun məzənnə dəyişikliklərinə və xarici maliyyə bazarlarında baş verən proseslərə həssaslığını azaltdığını bildirib.
Neftin qiyməti 65 dollar, inflyasiya 5,3 faiz proqnozlaşdırılır
2027-ci il dövlət büdcəsinin hazırlanmasında xam neftin bir barelinin orta illik qiyməti 65 dollar götürülüb. Orta illik inflyasiyanın 5,3 faiz, manatın ABŞ dollarına qarşı məzənnəsinin isə 1,7 manat səviyyəsində olacağı proqnozlaşdırılır.
Nazirin sözlərinə görə, 2027-ci ildə qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz təşkil edəcək. Bu, 2026-cı illə müqayisədə 1,7 faiz bəndi azdır.
Həmin göstəricinin 2029-cu ildə 13 faizə, 2030-cu ildə isə 12 faizə endirilməsi hədəflənir. Eyni zamanda, cari xərclərin qeyri-neft gəlirləri hesabına maliyyələşdirilmə səviyyəsinin 2027-ci ildə 90,1 faizə çatacağı gözlənilir.
Dövlət büdcəsinin kəsiri 3,1 milyard manat olacaq
2027-ci ildə dövlət büdcəsinin kəsirinin 3,1 milyard manat, icmal büdcənin kəsirinin isə 2,8 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.
Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin 2,2 faiz, icmal büdcə kəsirinin isə təxminən 2 faiz olacağı gözlənilir.
Sahil Babayev bildirib ki, 2027-ci il dövlət və icmal büdcələri ölkənin sosial-iqtisadi prioritetlərinin, müdafiə və təhlükəsizlik ehtiyaclarının, investisiya proqramlarının və əhalinin rifahının yüksəldilməsi istiqamətində tədbirlərin maliyyələşdirilməsinə yönəlib.



