Şirvanda 13 və 16 saylı orta məktəblərdə “Narkomaniyaya YOX deyək” layihəsi çərçivəsində maarifləndirici görüşlər keçirilib.
Post-News xəbər verir ki, “Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyinin təşkil etdiyi tədbirlərdə 9-11-ci sinif şagirdləri ilə narkotik vasitələrin və digər zərərli vərdişlərin insan həyatına təsiri müzakirə olunub.
Görüşlərdə çıxış edənlər yeniyetmələrə narkotik vasitələrin yalnız sağlamlıq üçün deyil, eyni zamanda təhsil, ailə, sosial münasibətlər və gələcək həyat üçün ciddi təhlükə yaratdığını bildiriblər.
Maarifləndirmə tədbirlərinin daha təsirli olması üçün şagirdlərə narkomaniyanın nəticələrini əks etdirən sosial çarxlar və filmlər nümayiş etdirilib. Psixoloqların iştirakı ilə keçirilən görüşlərdə isə yeniyetmələrin psixoloji dayanıqlığı, düzgün seçim etməyin əhəmiyyəti və mənfi təsirlərə qarşı müqavimət göstərmək məsələləri barədə fikir mübadiləsi aparılıb.
Tədbirin diqqətçəkən məqamlarından biri narkotik asılılığından keçmiş şəxslərin öz həyat hekayələrini şagirdlərlə bölüşməsi olub. Onlar narkotik vasitələrin insan həyatında yaratdığı ağır nəticələrdən, üzləşdikləri çətinliklərdən və asılılıqdan xilas olmaq yolundan danışıblar.
İctimai Birliyin sədri Nail Kəmərli bildirib ki, məktəblərdə aparılan maarifləndirmə işləri gələcəkdə narkomaniyanın qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, əsas məqsəd gənclərə narkotik vasitələrdən uzaq durmağın vacibliyini real nümunələr və maarifləndirici materiallar vasitəsilə çatdırmaqdır.
“Narkomaniyaya YOX deyək” layihəsi çərçivəsində paytaxtla yanaşı, Azərbaycanın müxtəlif bölgələrində də məktəblilərlə görüşlərin keçirilməsi nəzərdə tutulur.












