Lənkəranda 1 və 8 saylı orta məktəblərdə yuxarı sinif şagirdləri ilə narkotik vasitələrin və digər zərərli asılılıqların fəsadlarına həsr olunmuş maarifləndirici görüşlər keçirilib.
PostNews xəbər verir ki, “Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyinin “Narkomaniyaya YOX deyək” layihəsi çərçivəsində təşkil olunan görüşlərdə 9-11-ci sinif şagirdləri iştirak ediblər.
Tədbirlər zamanı yeniyetmə və gənclərə narkotik vasitələrin insan sağlamlığına, psixologiyasına, ailə münasibətlərinə və gələcəyinə vurduğu zərər barədə ətraflı məlumat verilib. Şagirdlərə narkotik asılılığının ilkin mərhələdə qarşısının alınmasının əhəmiyyəti izah olunub, sağlam həyat tərzinin üstünlükləri diqqətə çatdırılıb.
Görüşlərdə narkomaniyanın real nəticələrini əks etdirən sosial çarxlar və maarifləndirici filmlər nümayiş etdirilib. Həmçinin psixoloqların iştirakı ilə yeniyetmələri maraqlandıran suallar cavablandırılıb.
Layihə çərçivəsində keçirilən görüşlərdə vaxtilə narkotik asılılığından əziyyət çəkmiş şəxslərin iştirakı da təmin olunur. Onlar öz həyat hekayələrini məktəblilərlə bölüşərək narkotik asılılığının insan həyatında yaratdığı ağır nəticələrdən danışıblar.
“Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyinin sədri, tanınmış bloger Nail Kəmərli bildirib ki, bu cür maarifləndirici görüşlərin əsas məqsədi yeniyetmələr arasında narkotik vasitələrə qarşı mənfi münasibətin formalaşdırılması və onların risklər barədə məlumatlandırılmasıdır.
Qeyd edək ki, dövlət qeydiyyatına 28 dekabr 2024-cü ildə alınan İctimai Birlik narkotik vasitələr, psixotrop maddələr, tütün məmulatları, spirtli içkilər, rəqəmsal və qumar oyunları ilə bağlı zərərli asılılıqların qarşısının alınması, eləcə də asılılıqdan əziyyət çəkmiş şəxslərin müalicə və reabilitasiyasına dəstək istiqamətində fəaliyyət göstərir.











