Azərbaycan Prezidenti “Əmək Məcəlləsi”nə dəyişiklikləri təsdiq edib. PostNews xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat verib.
Yeni dəyişikliklər Azərbaycanda əmək hüquqlarının daha yaxından qorunmasını təmin edir və işəgötürən ilə işçi münasibətlərini beynəlxalq standartlar və prinsiplərə uyğun tənzimləyir. Vacib dəyişikliklərdən biri istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günlərində işləyən işçilərə əməkhaqqının ödənilməsində gündəlik və saatlıq tarif maaşlarının nəzərə alınmasıdır.
Əgər işçi əməyini işəmuzd və ya vaxtamuzd sistemi üzrə yerinə yetirirsə, həmin günlərdə ödənilən əməkhaqqı gündəlik və saatlıq tarif maaşının iki mislindən az olmamalıdır. Aylıq maaş alan işçilər üçün isə ödəniş aylıq iş vaxtı norması çərçivəsində görülmüş işdə maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşından aşağı olmamalıdır. Əlavə iş zamanı isə əməkhaqqı gündəlik və saatlıq vəzifə maaşının ikiqat məbləğindən aşağı olmayacaq.
Məcəlləyə əlavə edilmiş saatlıq vəzifə maaşı anlayışı işçilərin əmək hüquqlarının qorunmasına və onların daha yüksək maaş almasına şərait yaradacaq. Məsələn, saatlıq tarifi 30 manat olan işçi istirahət, bayram və ümumxalq hüzn günlərində 4 saat əlavə iş görərsə, həmin saatlara görə ən azı 240 manat əməkhaqqı alacaq.
Yeni dəyişiklik həmçinin Azərbaycanda saatlıq iş rejiminə keçidin müzakirəsini də dəstəkləyir və əməkhaqqı ödənişlərinin beynəlxalq standartlara uyğunlaşmasına imkan verir.
