Reklam
Reklam
Reklam

Abşeron qaz yatağı üzrə sazişin müddəti 40 ilədək uzadılıb – MİLLİ MƏCLİS TƏSDİQLƏDİ

Azərbaycanın Abşeron qaz-kondensat yatağının işlənməsi və hasilatı ilə bağlı sazişin müddəti 10 il uzadılaraq 40 ilə çatdırılıb. Bununla əlaqədar dəyişdirilmiş və yeni redaksiyada hazırlanmış saziş Milli Məclis tərəfindən bir oxunuşda qəbul edilib.

PostNews xəbər verir ki, məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb və səsvermə nəticəsində qəbul olunub.

Abşeron yatağının işlənməsi üzrə sazişə dəyişiklik edilib

Dəyişikliklər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1 RSC Limited” şirkətləri arasında imzalanmış sazişə aiddir.

Sənəd Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünü tənzimləyir. İlkin saziş 2009-cu il fevralın 27-də imzalanıb.

Abşeron yatağında hasilat 2023-cü ildə başlayıb

Bildirilib ki, yataqda ilkin hasilat sxemi çərçivəsində bir quyu 2023-cü il iyulun 3-dən istismara verilib.

Abşeron yatağında dörd yeni quyunun işlənməsini nəzərdə tutan Tammiqyaslı İşlənmə Layihəsi üzrə Yekun İnvestisiya Qərarı isə 2026-cı il sentyabrın 25-də qəbul edilib.

Sentyabrın 26-da SOCAR və podratçı tərəflər arasında sazişin dəyişdirilmiş və yeni redaksiyada hazırlanmış variantı imzalanıb.

Abşeron yatağının hasilat müddəti 2057-ci ilədək uzadılır

Yeni sazişin əsas dəyişikliklərindən biri 2017-ci il martın 1-dən başlayan işlənmə və hasilat dövrünün 30 ildən 40 ilədək uzadılmasıdır.

Dördüncü quyu əlavə qaz hasilatını təmin edəcək

Müddətin 10 il uzadılması Abşeron yatağının Tammiqyaslı İşlənmə Layihəsi çərçivəsində dördüncü quyunun işlənməsi ilə əlaqələndirilir.

Gözləntilərə görə, həmin quyu 2057-ci ilədək əlavə qaz hasilatını təmin edəcək və Abşeron blokundan ümumi qaz çıxarılma əmsalının yüksəlməsinə imkan verəcək.

Sazişin müddətinin uzadılması dördüncü quyuya yatırılan investisiyaların geri qaytarılmasının təmin edilməsi məqsədi daşıyır.

Yeni sazişdə investisiya və infrastruktur xərcləri də nəzərə alınıb

Dəyişdirilmiş sənəddə Abşeron Tammiqyaslı İşlənmə Layihəsi çərçivəsində qaz və kondensatın daşınması üçün infrastruktur obyektlərinin tikintisi və istismarı ilə bağlı müddəalar da yer alıb.

İnfrastruktur xərcləri əvəzi ödənilən məsrəflərə aid ediləcək

Sazişə əsasən, qaz və kondensat həcmlərinin müvafiq infrastruktur obyektlərinə birləşdirilməsi məqsədilə podratçılar tərəfindən maliyyələşdiriləcək tikinti və istismar xərcləri neft-qaz əməliyyatları üzrə məsrəflər hesab ediləcək.

Bu xərclərin əvəzi ödənilən məsrəflərə aid edilməsi nəzərdə tutulur.

Bundan başqa, əvvəlki sazişə əlavə edilmiş altı qoşma eyni şərtlərlə yeni redaksiyaya daxil edilərək vahid sənəddə birləşdirilib. Sazişdə redaktə xarakterli digər dəyişikliklər də aparılıb.

Milli Məclis sazişi bir oxunuşda qəbul edib

Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş sazişin qəbul və təsdiq edilməsi, eləcə də həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb.

Milli Məclis qanun layihəsini bir oxunuşda qəbul edib.

Paylaş: