Qaradağ rayonunda 139 və 288 saylı orta məktəblərdə şagirdlərlə narkotik vasitələrin və zərərli asılılıqların fəsadlarına dair maarifləndirici görüşlər keçirilib.
Post-News xəbər verir ki, “Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi “Narkomaniyaya YOX deyək” layihəsi çərçivəsində təşkil olunan tədbirlərdə 9-11-ci sinif şagirdləri iştirak ediblər.
Görüşlərin əsas məqsədi yeniyetmə və gənclərin narkotik vasitələr barədə məlumatlılığını artırmaq, onları zərərli vərdişlərdən uzaq durmağa təşviq etmək və sağlam gələcək naminə düzgün seçimlərə istiqamətləndirmək olub.
Tədbirlər zamanı narkomaniyanın insan həyatına vurduğu ağır zərərdən bəhs edilib, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial problemlərə diqqət çəkilib. Şagirdlərə mövzu ilə bağlı hazırlanmış sosial çarxlar və maarifləndirici filmlər nümayiş etdirilib.
Görüşlərdə psixoloqların iştirakı da təmin olunub. Şagirdlərin narkotik vasitələr, psixoloji təzyiq və zərərli çevrənin təsiri ilə bağlı sualları cavablandırılıb, onların çətin situasiyalarda düzgün qərar qəbul etməsinin əhəmiyyəti vurğulanıb.
Maarifləndirici görüşlər çərçivəsində narkotik asılılığından əziyyət çəkmiş şəxslərin iştirakı isə tədbirlərə xüsusi məzmun qatıb. Onlar öz həyatlarında baş vermiş hadisələrdən, narkotik asılılığının gətirdiyi itkilərdən və bu asılılıqdan xilas olmaq üçün keçdikləri çətin yoldan danışıblar.
İctimai Birliyin sədri Nail Kəmərli qeyd edib ki, yeniyetmələrin narkomaniyadan qorunmasında erkən maarifləndirmə mühüm rol oynayır. O bildirib ki, uşaqlar narkotik vasitələrin real nəticələrini nə qədər erkən dərk etsələr, təhlükəli seçimlərdən uzaq durmaq imkanları da bir o qədər artar.
“Narkomaniyaya YOX deyək” layihəsi çərçivəsində məktəblərdə keçirilən görüşlərin gələcəkdə də davam etdirilməsi və müxtəlif bölgələrdə daha çox yeniyetmə və gəncin maarifləndirilməsi nəzərdə tutulur.











