ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramının Məzun Günü keçirilib. Proqram çərçivəsində 16 ölkədən olan orta rütbəli diplomatlar Azərbaycanın xarici siyasəti, enerji diplomatiyası, regional təhlükəsizlik və digər mövzularda təlimlərdə iştirak ediblər.
PostNews xəbər verir ki, ADA Universitetinin İxtisasartırma Proqramlarının təşkilatçılığı və Azərbaycan Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən proqram noyabrın 14-dən 23-dək davam edib.
16 ölkədən diplomatlar proqramda iştirak edib
Budəfəki təlim proqramına Albaniya, Banqladeş, Bosniya və Herseqovina, Efiopiya, Qambiya, İndoneziya, İraq, Keniya, Malayziya, Misir, Monteneqro, Mərakeş, Oman, Tacikistan, Türkmənistan və Xorvatiyadan 16 orta rütbəli diplomat qatılıb.
Akademik sessiyalarda Azərbaycanın xarici siyasəti, enerji diplomatiyası, iqtisadi inkişafı, qlobal nəqliyyat şəbəkələrindəki rolu, regional təhlükəsizlik, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və milli-mədəni irs mövzuları müzakirə olunub.
Proqram 15 illik fəaliyyətini qeyd edir
Məzun Gününün açılışında çıxış edən ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov proqramın Azərbaycan və Xəzər regionu haqqında biliklərin dərinləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
ADA Universiteti prorektorunun müşaviri və İxtisasartırma Proqramlarının rəhbəri Aygün Hacıyeva bildirib ki, bu il 15 illiyini qeyd edən proqram çərçivəsində indiyədək 27 qrup təşkil olunub. Ümumilikdə 109 ölkədən 401 diplomat proqramın məzunu olub.
Tədbirdə çıxış edən xarici ölkələrin səfirləri proqramın beynəlxalq təcrübə mübadiləsinə, peşəkar əlaqələrin qurulmasına və diplomatik əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəni qeyd ediblər.
Diplomatlar dövlət rəsmiləri ilə görüşüblər
Proqram iştirakçıları xarici işlər nazirinin müavini Samir Şərifov və Milli Məclisin deputatları ilə dəyirmi masa formatında fikir mübadiləsi aparıblar.
Diplomatlar, həmçinin Heydər Əliyev Mərkəzini və Azərbaycan Milli Xalça Muzeyini ziyarət ediblər.
Şuşa və Xankəndiyə səfər təşkil olunub
Proqramın yekun mərhələsində iştirakçılar işğaldan azad edilmiş Şuşa və Xankəndi şəhərlərinə səfər ediblər. Səfər zamanı diplomatlar bölgənin tarixi-mədəni irsi və həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olublar.
Məzun Gününün sonunda proqram iştirakçılarına sertifikatlar təqdim edilib.



