PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Azərbaycan və Türkiyə arasında siyasi münasibətlər ən yüksək səviyyədə olsa da, iki ölkənin iqtisadi və ticarət əlaqələri mövcud potensiala uyğun şəkildə daha da inkişaf etdirilməlidir. Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, yeni biznes tərəfdaşlıqlarının qurulması və regional nəqliyyat layihələrinin genişləndirilməsi əsas prioritetlərdən olmalıdır.
Bu barədə Milli Məclisin deputatı Vüqar İskəndərov PostNews-a açıqlamasında bildirib.
Deputat oktyabrın 22-də Bakıda keçirilən “TABA-AmCham Eurasia Investment & Networking Summit 2026” beynəlxalq sammitində Azərbaycan–Türkiyə münasibətlərini, Orta Dəhlizin inkişafını və türk dövlətləri arasında iqtisadi əməkdaşlığın perspektivlərini şərh edib.
Deputat: Mövcud iqtisadi əməkdaşlıq potensialımızı tam əks etdirmir
Vüqar İskəndərov bildirib ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Bununla belə, iki ölkə arasındakı ticarət əlaqələrinin daha yüksək səviyyəyə çatdırılması zəruridir.
“Azərbaycan və Türkiyə arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyədədir. İqtisadi əməkdaşlığımız inkişaf edir, ticarət dövriyyəmiz artır. Ancaq biz bununla tam razı deyilik. Çünki potensialımız daha böyükdür. Həm Azərbaycanın, həm də Türkiyənin iqtisadi imkanları qarşılıqlı ticarətin daha geniş miqyasda inkişaf etdirilməsinə şərait yaradır. Bu baxımdan beynəlxalq biznes tədbirlərinin keçirilməsinə böyük ehtiyac var”, – deyə deputat bildirib.
Onun sözlərinə görə, belə tədbirlər dövlətlərarası münasibətlərin iqtisadi müstəvidə daha da möhkəmlənməsinə və iş adamları arasında yeni əməkdaşlıq əlaqələrinin yaranmasına xidmət edir.
Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm logistika mərkəzinə çevrilir
Deputat Orta Dəhlizin inkişafının Azərbaycanın regional və beynəlxalq iqtisadi mövqeyini gücləndirdiyini vurğulayıb.
Vüqar İskəndərov bildirib ki, Mərkəzi Asiya ölkələrinin Avropa bazarları ilə əlaqələndirilməsində Azərbaycan və Türkiyə mühüm rol oynayır.
“Orta Dəhlizin inkişafı istiqamətində Azərbaycan çox vacib işlər görür. Burada Türkiyənin də xüsusi rolu var. Mərkəzi Asiyadan başlayaraq Azərbaycan və Türkiyə üzərindən Avropaya uzanan əlaqələr böyük strateji əhəmiyyət daşıyır. Bu nəqliyyat və ticarət marşrutunda Mərkəzi Asiya, Azərbaycan və Türkiyə əsas bağlantı nöqtələridir. Azərbaycan isə bu sistemin mərkəzində dayanaraq mühüm nəqliyyat və logistika qovşağına çevrilir”, – deyə o qeyd edib.
Deputatın fikrincə, Orta Dəhlizin inkişafı region ölkələri arasında iqtisadi inteqrasiyanın güclənməsi və yeni ticarət imkanlarının yaranması baxımından əhəmiyyətlidir.
Türk dövlətlərinin böyük iqtisadi imkanları var
Vüqar İskəndərov Türk Dövlətləri Təşkilatının iqtisadi potensialına da diqqət çəkib.
O bildirib ki, təşkilata üzv dövlətlərin zəngin təbii sərvətləri, geniş insan resursları və əlverişli coğrafi mövqeyi qarşılıqlı əməkdaşlığın inkişafı üçün mühüm üstünlüklər yaradır.
“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin həm zəngin yeraltı sərvətləri, həm də böyük insan potensialı var. Bu imkanların birləşdirilməsi iqtisadi inkişaf baxımından ciddi nəticələr verə bilər. Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyə arasında əlaqələrin daha da gücləndirilməsi həm ticarətin, həm də ümumi iqtisadi əməkdaşlığın inkişafına xidmət edəcək”, – deyə deputat vurğulayıb.
Vüqar İskəndərov: Belə tədbirlər daha çox keçirilməlidir
Deputat Bakıda təşkil olunan beynəlxalq sammitin biznes əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətini də qiymətləndirib.
Onun sözlərinə görə, tədbirdə iri biznes qruplarının rəhbərlərinin, investorların və müxtəlif təşkilatların nümayəndələrinin iştirakı gələcək tərəfdaşlıqlar üçün yeni imkanlar yaradır.
“TABA-AmCham tərəfindən keçirilən bu tədbir həm Azərbaycanda, həm Türkiyədə, həm də bütövlükdə regionda biznesin inkişafına təkan verə bilər. Burada böyük biznes qruplarına rəhbərlik edən şəxsləri, iş adamlarını və təşkilat rəhbərlərini gördük. Onların qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını müzakirə etməsi gələcək inkişafımız üçün çox əhəmiyyətlidir. Düşünürəm ki, belə tədbirlərin sayı daha çox olmalıdır. Bu görüşlər nə qədər çox keçirilsə, Azərbaycan, Türkiyə və digər türk dövlətləri arasında iqtisadi əlaqələrin inkişafına bir o qədər böyük töhfə verəcək”, – deyə Vüqar İskəndərov bildirib.
Bakıda Azərbaycan, Türkiyə və ABŞ arasında investisiya imkanları müzakirə olunub
Qeyd edək ki, oktyabrın 22-də “Radisson Hotel Baku”da “TABA-AmCham Eurasia Investment & Networking Summit 2026” beynəlxalq sammiti keçirilib.
“Connecting Investments, Building the Future” (“İnvestisiyaları birləşdiririk, gələcəyi qururuq”) şüarı və “Caspian Bridge Summit” konsepsiyası ilə təşkil olunan tədbir Azərbaycan, Türkiyə və ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə həsr olunub.
Sammitdə dövlət qurumlarının nümayəndələri, diplomatlar, iş adamları, investorlar və şirkət rəhbərləri iştirak ediblər.
Tədbirin gündəliyində beynəlxalq investisiyalar, enerji, logistika, texnologiya, rəqəmsal transformasiya və strateji iqtisadi əməkdaşlıq kimi istiqamətlər yer alıb.
Sammit çərçivəsində biznes nümayəndələri arasında yeni tərəfdaşlıqların qurulması, qarşılıqlı investisiya imkanları və Xəzər regionunun beynəlxalq ticarətdəki rolunun gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

