Bakıda mənzil alanlar nəyə üstünlük verirlər? – “Premium Residence” açıqladı

Mətn Ölçüsü

Azərbaycanda daşınmaz əmlak bazarında mənzil alıcıları əsasən tikinti keyfiyyətinə, yaşayış kompleksinin yerləşdiyi əraziyə, qiymətə və komfortlu yaşayış şəraitinə üstünlük verirlər. Xarici vətəndaşlar da Bakıda inşa olunan müasir yaşayış komplekslərinə maraq göstərirlər.

Bu barədə “Premium Residence” şirkətinin satış meneceri Orxan Almazov Xəzər İnşaat Həftəsi 2026 çərçivəsində PostNews-a açıqlamasında bildirib.

Şirkət nümayəndəsi daşınmaz əmlak bazarındakı alıcı tələblərindən, yeni yaşayış layihələrindən və investisiya imkanlarından danışıb.

Xarici vətəndaşlar Bakıda mənzil almağa maraq göstərirlər

Orxan Almazovun sözlərinə görə, beynəlxalq tikinti sərgiləri Azərbaycanın daşınmaz əmlak sektorunun potensialını nümayiş etdirmək və xarici investorlarla əlaqələr qurmaq baxımından mühüm əhəmiyyət daşıyır.

“Belə sərgilər Azərbaycanın tikinti sektorunu və yerli şirkətlərin həyata keçirdiyi layihələri tanıtmaq üçün gözəl fürsətdir. Biz də ‘Premium Residence’ olaraq sərgidə iştirak etməkdən məmnunuq. Əsas məqsədimiz ziyarətçilərlə birbaşa ünsiyyət qurmaq, layihələrimiz haqqında ətraflı məlumat vermək və yeni əlaqələr yaratmaqdır. Xarici qonaqların Azərbaycandakı yaşayış komplekslərinə maraq göstərməsi bizi xüsusilə sevindirir”, – deyə o bildirib.

Mənzil alıcıları ən çox nəyə diqqət yetirirlər?

Satış meneceri bildirib ki, müştərilər mənzil seçərkən yalnız qiyməti deyil, yaşayış binasının keyfiyyətini və yerləşdiyi ərazini də nəzərə alırlar.

“Alıcıların əsas tələbləri binanın tikinti keyfiyyəti, yerləşdiyi ərazi və qiymət-keyfiyyət balansı ilə bağlıdır. İnsanlar rahat, keyfiyyətli və gündəlik həyat üçün əlverişli yaşayış mühiti axtarırlar. Biz də layihələrimizdə bu amilləri nəzərə almağa çalışırıq”, – deyə Orxan Almazov qeyd edib.

Onun sözlərinə görə, şirkətin hazırda aktiv layihələrindən biri Bakının Nərimanov rayonunda, Təbriz küçəsində yerləşir.

Şirkət gələn il yeni yaşayış layihələrinin həyata keçirilməsini də planlaşdırır.

Yeni yaşayış komplekslərində komfort əsas prioritetdir

Orxan Almazov qeyd edib ki, müasir yaşayış komplekslərində mənzillərin planlaşdırılması, binaların qarşılıqlı yerləşməsi və sakinlərin şəxsi məkanının qorunması mühüm əhəmiyyət daşıyır.

“Çalışırıq ki, layihələrimizdə sakinlərin rahatlığı maksimum səviyyədə təmin olunsun. Binaların yerləşdirilməsi və yaşayış sahələrinin planlaşdırılması zamanı qonşuların şəxsi məkanının qorunmasına xüsusi diqqət yetiririk. Məqsədimiz insanlara komfortlu və keyfiyyətli yaşayış şəraiti təqdim etməkdir”, – deyə şirkət nümayəndəsi vurğulayıb.

Yaşayış komplekslərində investisiya imkanları

Şirkət nümayəndəsi bildirib ki, yaşayış layihələrində kommersiya sahələrinin, istirahət məkanlarının və fitnes imkanlarının yaradılması investorlar üçün də cəlbedicilik yaradır.

Onun sözlərinə görə, müasir yaşayış komplekslərinin üstünlüklərindən biri sakinlərin gündəlik ehtiyaclarını yaşayış ərazisindən uzaqlaşmadan qarşılaya bilməsidir.

“Layihələrimizdə sakinlərin rahatlığı üçün müxtəlif xidmət və istirahət məkanlarının yaradılması nəzərdə tutulur. Bu imkanlar yaşayış komplekslərinin həm mənzil alıcıları, həm də daşınmaz əmlaka investisiya qoymaq istəyən şəxslər üçün cəlbediciliyini artırır”, – deyə Orxan Almazov bildirib.

Bakıda yeni yaşayış layihələri planlaşdırılır

Satış meneceri əlavə edib ki, “Premium Residence” qarşıdakı dövrdə premium yaşayış seqmentində fəaliyyətini genişləndirməyi hədəfləyir.

Şirkət yeni layihələrində tikinti keyfiyyəti, müasir memarlıq həlləri və sakinlərin komfortunu əsas prioritet kimi müəyyənləşdirir.

Qeyd edək ki, oktyabrın 14–16-da Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsi 2026 çərçivəsində “BakuBuild 2026”, “Rebuild Garabagh 2026”, “Aquatherm Baku 2026” və “Plastex Caspian 2026” beynəlxalq sərgiləri təşkil olunub. Tədbir yerli və xarici tikinti, memarlıq, mühəndislik və sənaye şirkətlərini bir araya gətirib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri