PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Bakıda oktyabrın 17-dən etibarən “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı tamaşaçılara təqdim olunacaq. Circus Sea Breeze arenasında keçiriləcək şouda dünyanın müxtəlif ölkələrindən peşəkar sirk artistləri iştirak edəcəklər.
PostNews xəbər verir ki, beynəlxalq sirk proqramı sürət, ekstremal çıxışlar, akrobatika və hava gimnastikasını bir araya gətirəcək. Tamaşaçılar üçün müxtəlif yaş qruplarına uyğun əyləncəli və həyəcanlı nömrələr nümayiş etdiriləcək.
“The World of Adrenaline” proqramında hansı çıxışlar olacaq?
Yeni sirk proqramında dünyanın müxtəlif ölkələrindən olan peşəkar artistlər çıxış edəcəklər.
Tamaşaçılara möhtəşəm at nömrələri, braziliyalı kaskadyorların ekstremal çıxışları, beynəlxalq mükafatlara layiq görülmüş hava gimnastlarının performansları və dünyanın müxtəlif arenalarında tanınmış akrobatların nömrələri təqdim olunacaq.
Proqramda uşaqların və böyüklərin sevimlisi olan klounun çıxışı da nəzərdə tutulub.
Təşkilatçıların məlumatına görə, hər bir nömrə yüksək peşəkarlıq, cəsarət, sürət və dəqiqliyin vəhdətini nümayiş etdirəcək.
İlk sirk tamaşaları uşaqlar üçün ödənişsiz keçiriləcək
“The World of Adrenaline” beynəlxalq sirk proqramının ilk günü xeyriyyə məqsədilə təşkil olunacaq.
Tədbirin təşkilatçısı, “Sirk Oskarı” mükafatının laureatı Allahverdi İsrafilovun təşəbbüsü ilə oktyabrın 17-də keçiriləcək tamaşalar müəyyən kateqoriyadan olan uşaqlar üçün ödənişsiz təqdim ediləcək.
Xeyriyyə tamaşalarından valideyn himayəsindən məhrum uşaqlar, sağlamlıq imkanları məhdud uşaqlar, eləcə də şəhid və qazi ailələrinin övladları yararlana biləcəklər.
Təşəbbüsün əsas məqsədi uşaqlara sevinc bəxş etmək, onların asudə vaxtını maraqlı təşkil etmək və unudulmaz xatirələr yaratmaqdır.
Sirk tamaşaları nə vaxt və harada keçiriləcək?
“The World of Adrenaline” beynəlxalq sirk proqramı 17 oktyabr – 29 noyabr 2026-cı il tarixlərində Bakının Circus Sea Breeze arenasında təşkil olunacaq.
Tamaşalar hər həftənin şənbə və bazar günləri iki seansda keçiriləcək.
* Birinci seans – saat 12:30
* İkinci seans – saat 15:30
“The World of Adrenaline” sirk proqramının bilet qiymətləri
Beynəlxalq sirk proqramına biletlərin qiyməti 15 AZN-dən başlayır.
Tamaşaçıların rahat gediş-gəlişini təmin etmək məqsədilə “Koroğlu” metro stansiyasından Circus Sea Breeze arenasına və geriyə xüsusi avtobus transferi təşkil olunacaq.
Biletləri şəhərin bütün kassalarından və https://iticket.az/events/circus/the-world-of-adrenaline-circus454 saytından əldə edə bilərsiniz.


