Azərbaycanda 2025-ci ilin dekabr ayı üzrə bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.
PostNews Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dekabr ayında əvvəlki aya nisbətən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə bahalaşma əsasən manna və qarabaşaq yarmalarının, mal ətinin, balıq və balıq məhsullarının, südün, xamanın, qatığın, pendirin, kəsmiyin, yumurtanın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, balqabağın, şirin bibərin, kartofun, şokolad məmulatlarının, ketçupun, mayonezin, arağın qiymətlərində müşahidə olunub. Ucuzlaşma isə limonun, portağalın, naringinin, bananın, kivinin, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, sarımsağın qiymətlərində qeydə alınıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişiklik olmayıb.
Dekabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar–dekabr dövründə isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,5 faiz təşkil edib. Bahalaşma əsasən geyimlərin, məişət cihazlarının, zərgərlik məmulatlarının, ucuzlaşma isə taxtanın, sementin, qabların yuyulması üçün vasitələrin və təsərrüfat sabununun qiymətlərində qeydə alınıb. Digər məhsullarda ciddi dəyişiklik olmayıb.
Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə dekabr ayında indeks əvvəlki aya nisbətən 100,3 faiz, yanvar–dekabr dövründə isə 106,5 faiz təşkil edib. Bahalaşma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri və istirahət turları üzrə baş verib. Digər xidmətlərin qiymətində ciddi dəyişiklik müşahidə olunmayıb.
2025-ci ilin dekabr ayında ümumi istehlak qiymətləri indeksi 2024-cü ilin dekabr ayına nisbətən 105,2 faiz, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 106,4 faiz, qeyri-qida məhsulları üzrə 102,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,7 faiz olub. Əvvəlki aya nisbətən indeks 100,8 faiz, yanvar–dekabr dövründə isə 105,6 faiz təşkil edib.
