2025-ci ildə Azərbaycanın aviasiya sektorunda 342 mindən çox uçuşa xidmət göstərilib

Mətn Ölçüsü

2025-ci il ərzində Azərbaycanın aviasiya sektoru dayanıqlı artım və beynəlxalq tanınma ilə yadda qalıb.

PostNews Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, il ərzində ölkənin hava məkanında 342 mindən çox uçuşa xidmət göstərilib. Bu göstərici 2024-cü illə müqayisədə 10,5% artım deməkdir. Qeyd olunan artım Azərbaycanın aviasiya infrastrukturunun etibarlılığını və ölkənin regional nəqliyyat qovşağı kimi mövqeyinin gücləndiyini göstərir.

Bildirilib ki, hava hərəkətinin ən intensiv dövrü yay aylarına təsadüf edib. 9 avqust 2025-ci il tarixində bir sutka ərzində 1 101 uçuşun idarə olunması ilə aviasiya tarixində rekord göstərici qeydə alınıb.

İl ərzində həyata keçirilən uçuşların 76%-ni – 261 mindən çoxunu tranzit reyslər təşkil edib. Tranzit uçuşların sayı illik müqayisədə təxminən 14% artıb.

Azərbaycanın hava məkanından tranzit məqsədilə istifadə edən aparıcı qlobal aviaşirkətlər sırasında “Turkish Airlines”, “Singapore Airlines”, “Cathay Pacific”, “Thai Airways” və “Lufthansa” yer alıb. Bu fakt ölkənin beynəlxalq aviasiya xəritəsində etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndiyini təsdiqləyir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti